"Petkim Perokimya Holding” avrobond sahiblərinə $14 milyon 687,5 min məbləğində 4-cü faiz ödənişini həyata keçirib. Bu barədə Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasının saytında məlumat verilir.
«Yanvarın 24-də avrobond sahiblərinə ümumilikdə $14 milyon 687,5 min məbləğində faiz ödənişi həyata keçirilib. Bu, sayca 4-cü faiz ödənişidir: 1-ci ödəniş 2018-ci il iyulun 26-da, 2-ci ödəniş 2019-cu il yanvarın 28-də, 3-cü ödəniş iyulun 26-da həyata keçirilib», - deyə məlumatda bildirilir.
Xəbər verildiyi kimi, “Petkim Petrokimya Holding” $500 milyon məbləğində ilk avrobond emissiyasını 2018-ci il yanvarın 26-da İrlandiya Fond Birjasında yerləşdirib. Tədavül müddəti 5 il olan bu istiqrazların illik gəlirliliyi 5,875%, ödəniş tarixi 26 yanvar 2023-cü ildir.
Əsası 1965-ci il aprelin 3-də qoyulmuş “Petkim Petrokimya Holding” Türkiyənin aparıcı neft-kimya kompleksidir. Kompleksdə plastik kütlə, tekstil məmulatları, eləcə də digər istehlak və sənaye mallarının istehsalında istifadə olunan etilen, polietilen, polivinilxlorid, polipropilen və digər neft-kimya məhsulları istehsal edilir.
“Petkim”in səhmləri İstanbul Fond Birjasında dövriyyədədir.
“SOCAR Turkey Enerji” “Petkim Petrokimya Holding”in nəzarət səhm paketinin (51%) sahibidir.*
N.Abbasova