“Azərbaycan Hava Yolları” (AZAL) QSC martın 28-i tarixinədək Bakı-Pekin-Bakı marşrutu üzrə yerinə yetirilən reyslərə aviabilet əldə etmiş sərnişinlər tərəfindən uçuş tarixlərinin dəyişdirilməsi və aviabiletlərin geri qaytarılması proseduruna başlayıb. Bu barədə AZAL-ın məlumatında deyilir.
“Çindəki epidemioloji vəziyyət səbəbindən AZAL-ın martın 28-i tarixinədək yerinə yetirilən reyslərinə aviabilet əldə etmiş sərnişinlər uçuş tarixlərini dəyişdirə və yaxud aviabiletləri cərimə olunmadan geri qaytara biləcəklər”, - deyə məlumatda bildirilir.
Daha əvvəl AZAL prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənskinin verdiyi məlumata görə, fevral ayından Bakı-Pekin-Bakı marşrutu üzrə reyslərin həyata keçirilməsi müvəqqəti olaraq dayandırılır. "Hər il olduğu kimi, fevral ayında Pekinə reyslər ənənəvi olaraq dayandırılacaq. Bu, qeyd olunan ölkədə bayramlarla əlaqədar tələbatın aşağı düşməsi ilə izah olunur”, - deyə o bildirib.
AZAL Bakı-Pekin-Bakı marşrutu üzrə reysləri martın 8-dən bərpa edəcək.
Ötən sutka ərzində Çində koronavirusdan ölənlərin sayı 106 nəfərə, virusa yoluxanların sayı isə 4 min 515 nəfərə çatıb.*
N.Abbasova