Yanvarın 31-də Kiyev şəhərində Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın 12-ci iclası keçiriləcək. Bu barədə Azərbaycan Energetika Nazilriyinin mətbuat xidmətindən məlumat verilir.
İclasda Azərbaycan tərəfinə energetika naziri Pərviz Şahbazov, Ukrayna tərəfinə infrastruktur naziri Vladislav Kriklin başçılıq edəcək.
“İclasda iki ölkə arasında ticarət-iqtisadi, enerji, nəqliyyat, infrastruktur, yüksək texnologiyalar, kənd təsərrüfatı, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığa dair məsələlər müzakirə olunacaq”, - məlumatda deyilir.
Komissiyasının iclasının yekunlarına dair protokol və bir neçə sənəd imzalanacaq.
İclas çərçivəsində Pərviz Şahbazov, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, eləcə də bir sıra qurumlar və işgüzar dairələrin nümayəndələrindən ibarət heyət Odessada bir sıra infrastruktur obyektlərinə baş çəkəcək.
Bundan əlavə, yanvarın 30-da “Energetika sahəsində əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna İşçi Qrupu”nun növbəti iclası və biznes dairələrinin iştirakı ilə dəyirmi masa keçiriləcək.
Hazırda Azərbaycan Ukraynaya neftin əsas ixracatçısıdır. 2019-cu ildə Azərbaycandan Ukraynaya $309,443 milyon məbləğində xammal ixrac olunub (bütün ixracın 76,3%-i).
Xəbər verildiyi kimi, ötən həftə Ukrayna prezidenti Vladimir Zelenski Davosda SOCAR şirkətinin prezidenti Rövnəq Abdullayevlə Ukraynanın infrastruktur layihələri, müəsisələri, həmçinin qaz nəqli güclərinə sərmayələrin yatırılmasının vacibliyini qeyd edib. Görüşdə dövlət başçısının Azərbaycana səfəri zamanı əldə olunan razılığa əsasən SOCAR şirkəti tərəfindən yeni layhələrin reallaşdırılması müzakirə olunub.
2019-cu ilin dekabr ayında Azərbaycan prezidenti İlham Əliyev ukraynalı həmkarı ilə Bakıda danışıqlarının yekunlarına dair bəyan edib ki, SOCAR şirkəti Ukraynada öz fəaliyyətini genişləndirəcək.
“SOCAR Energy Ukraine” 2008-ci ildə Ukraynada fəaliyyətə başlayıb. 2009-cu ilin əvvəlində Ukraynanın pərakəndə yanacaq bazarı ətraflı şəkildə öyrənildikdən sonra “SOCAR Energy Ukraine” bu ölkədə yanacaqdoldurma şəbəkələrinin yaradılması və inkişaf etdirilməsinə qərar verib.**
N.Abbasova