Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) futbol üzrə yığmanın yeni baş məşqçisi ilə bağlı hələ qərar qəbul etməyib, iddiaçıların siyahısına 32 namizədin adı daxildir. Bu barədə bu gün keçirilən mətbuat konfransında AFFA-nın baş katibi və icraçı vitse-prezidenti Elxan Məmmədov məlumat verib.
“AFFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında Azərbaycan yığmasına yeni baş məşqçinin təyin olunması məsələsini çox müzakirə etdik. Bu vəzifəyə 32 namizəd iddia edir. Assosiasiyanın prezidenti Rövnəq Abdullayev və İcraiyyə Komitəsinin digər 12 üzvü onların hər biri ilə bağlı fikirlərini bildiriblər. Ancaq hələ qərar qəbul etməmişik”, - deyə o bildirib.
Öz növbəsində, AFFA-nın yeni vitse-prezidenti Vaqif Sadıxov deyib ki, bu vəzifənin yerli mütəxəssisə həvalə edilməsi yaxşı olardı.
Yeni baş məşqçi ilə bağlı qərar İcraiyyə Komitəsinin növbəti iclasında qəbul edilə bilər. "Növbəti iclasın təxminən iki həftədən sonra keçirilməsi planlaşdırılır", - deyə E.Məmmədov əlavə edib.*
X.Nəsirzadə