Baş nazir Əli Əsədov bu gün koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi üçün müşavirə keçirib. Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
Müşavirənin yekununda epidemiyanın Azərbaycana daxil olmasının qarşısının alınması üçün nəzərdə tutulmuş bir sıra tədbirlərin görülməsi haqda qərar qəbul edilib: sərhəd-keçid məntəqələrində gücləndirilmiş iş rejiminə keçilməsi; ÇXR-dən, xüsusilə epidemiya zonasından ölkəyə gələn bütün şəxslərin mütləq şəkildə ciddi tibbi müayinədən keçirilməsi və nəzarət altına alınması; xüsusi riskli hesab olunan və virusun keçə biləcəyi ərzaq məhsullarının siyahısının hazırlanması və ərzaq bazarında həmin məhsullara nəzarətin gücləndirilməsi; səhiyyə ocaqlarında qaynar xətlərin yaradılması.
Məlumatda qeyd olunur ki, hazırda ölkəmizdə belə xəstəliyə yoluxma halları müşahidə olunmayıb, Azərbaycanda əhalinin sağlamlığı ilə bağlı vəziyyət dövlətin tam nəzarətindədir və narahatlıq üçün heç bir əsas yoxdur.
Müşavirədə səhiyyə nazirinin rəhbərliyi ilə və aidiyyəti qurumların iştirakı ilə İşçi qrupunun yaradılmasına dair qərar qəbul edilib.
Daha əvvəl Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallının verdiyi məlumata görə, hazırda Uhan şəhərində 4-ü tələbə olmaqla 7 Azərbaycan vətəndaşı var.*
A.Əzizov