Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 2019-nCoV koronavirus xəstəliyinin yayəlması təhlükəsi ilə əlaqədar Çindən diri heyvan, heyvan mənşəli məhsullar və dəniz məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulmasını qərara alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AQTA-dan məlumat verilib.
“Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, son zamanlar Çin Xalq Respublikasının ərazisində meydana gələn 2019-nCoV koronavirus xəstəliyi dünyanın bir sıra ölkələrinə yayılmaqdadır. Koronavirusun ilk yoluxan insanlara birbaşa heyvanlardan keçdiyi müəyyən olunub. Bununla əlaqdar olaraq, Qida Təhlükəsizliyi Agentliyi Çindən ölkəmizə diri heyvan, heyvan mənşəli məhsullar və dəniz məhsullarının idxalına, eləcə də zoomağazalar və zooparklar üçün vəhşi heyvanların gətirilməsinə müvəqqəti məhdudiyyət qoyulmasını qərara alıb”, - deyə agentliyin məlumatında bildirilir.
Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Çin Xalq Respublikasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı gömrük-sərhəd keçid məntəqələrində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.*
Ə.Məmmədov