“Fitch Ratings” beynəlxalq reytinq agentliyi SOCAR-ın uzunmüddətli emitent defolt reytinqini "BB+" səviyyəsində təsdiq edib. Bu barədə agentliyin məlumatında deyilir.
Reytinq üzrə proqnoz “sabit”dir.
SOCAR-ın qısamüddətli defolt reytinqi "B", prioritet təmin olunmamış reytinq isə «BВ+» səviyyəsində təsdiqlənib.
“Fitch” qeyd edir ki, SOCAR-ın reytinqi Azərbaycanın suveren reytinqinə uyğundur.
“SOCAR ilə Azərbycanın sıx əlaqəsini nəzərə alsaq, şirkətin reytinqi dövlətin reytinqinə uyğundur. SOCAR-ın ölkədəki əksər neft-qaz layihələrində minoritar payı var, bundan başqa, şirkət dövləti təmsil edir. SOCAR dövlətin dəstəklədiyi Cənub Qaz Dəhlizi kimi bir sıra digər iri enerji layihələrində də iştirak edir”, - deyə məlumatda bildirilir.
2018-ci ildə dövlətin gəlirlərində SOCAR tərəfindən ödənilən verginin payı 10% təşkil edib, dövlətin payına düşən mənfəət neftinin satışından əldə olunan və Azərbaycan Dövlət Neft Fonduna transfert edilməli olan məbləğ dövlət gəlirlərinin təxminən 80%-ni (2017-ci ildə 65%) təşkil edib. Bu artım 2018-ci ildə dünya bazarında neftin qiymətinin bahalaşması ilə şərtlənib.
“Fitch Ratings”in analitikləri qeyd edirlər ki, SOCAR-ın reytinqlərinin yaxşılaşması ilk növbədə, ölkə reytinqinin yüksəlməsi və avtonom kredit portfelinin artması sayəsində mümkün ola bilər. Azərbaycanın reytinqinin aşağı düşməsi isə SOCAR-ın reytinqinə mənfi təsir göstərə bilər.*
Ə.Məmmədov