Azərbaycan 2019-cu ildə $1 milyard 954 milyon məbləğində qeyri-neft məhsulları ixrac edib ki, bu da 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 15,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.
Hesabat dövründə ixracın strukturunda əsas həcm pomidor ($189,3 milyon – artım 6,7%), qızıl ($172,4 milyon – artım 46,1%), təmizlənmiş fındıq ($124,2 milyon – artım 32,8%), çiyidli pambıq ($122,4 milyon – artım 54%), xurma ($104,7 mln – azalma 8,6%), elektrik enerjisi ($76,8 milyon – artım 17,1%), polipropilen ($65,7 milyon – artım 10 dəfə), metanol ($64,6 milyon – artım 64,4%) və polietilenin ($64 milyon – azalma 14%) payına düşüb.
2019-cu ildə Azərbaycandan qeyri-neft məhsulları idxal etmiş ölkələrin beşliyinə Rusiya ($690,6 milyon – artım 11,5%), Türkiyə ($401,8 milyon - artım 16,5%), İsveçrə ($179 milyon – artım 32,2%), Gürcüstan ($159,1 milyon – artım 27,8%) və Ukrayna ($50,6 milyon – artım 24,6%) daxil olub.
Beləliklə, qeyri-neft məhsullarının ixrac həcminin 35,3%-i RF-nin payına düşüb.
2018-ci ildə Azərbaycan $1 milyard 689 milyon məbləğində qeyri-neft məhsulları ixrac edib.
İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, 2024-cü ilə qədər Azərbaycanın qeyri-neft məhsullarının ixracı $3 milyard-ı ötəcək.*
Ə.Məmmədov