ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Azərbaycanda 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri üzrə aralıq hesabat dərc edib.
Hesabatda bildirilir ki, növbədənkənar seçkilərdə iştirak üçün MSK tərəfindən 1,637 min namizəd qeydiyyata alınıb, onlardan 83%-i öz namizədliyini irəli sürlən şəxslərdir. 19 siyasi partiya tərəfindən 272 şəxsin namizədliyi irəli sürülüb. Bunların arasında ən çox sayda namizədi hakim “Yeni Azərbaycan Partiyası” (122), müxalif “Müsavat” (25) və “Ümid” (21) partiyaları irəli sürüb.
Bütövlükdə, 80 sabiq millət vəkili və ya son parlamentin deputatlarının 64%-i növbədənkənar seçkilərdə iştirak edir.
Qeydiyyata alınan namizədlərin 22%ii qadınlardır.
Hesabatda bildirilir ki, Azərbaycan hökuməti ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu azad və ədalətli seçkilərin keçirilməsi üçün siyasi iradənin mövcudluğuna əmin edib. Bunun elementlərindən biri seçki məntəqlərində 1 min ədəd vebkameranın quraşdırılmasıdır.
“Bütövlükdə, seçki kampaniyası təmkinli keçir. Hazırda namizədlər sosial şəbəkələr vasitəsilə təşviqat kampaniyası aparmağa, seçicilərlə görüşlərdə sosial siyasət məsələlərini müzakirə etməyə üstünlük verirlər. Eyni zamanda, bir neçə namizəd vaxtından əvvəl kampaniyaya başlayıblar. Bəzi müxalif partiyalar hesab edirlər ki, təşviqat üçün ayrılan 22 gün platformanın seçicilərə çatdırılması üçün çox az müddətdir”, - hesabatda qeyd olunur.
Sənəddə vurğulanır ki, 2020-ci il 24 yanvar tarixinə MSK-yə 35 şikayət daxil olub, onların hər birinə baxılaraq müvafiq qərarlar qəbul olunub. Eyni zamanda, 32 şikayət namizədlərin qeydiyyata alınmaması ilə əlaqədar olub, onlardan 18-i əsasız, yalnız 9-u əsaslı qəbul olunub. Seçkilərin səhəri günü ATƏT DTİHB ilkin nəticəni dərc edərək mətbuat konfransı keçirəcək. Son hesabat müşahidə missiyası başa çatandan təqribən 8 həftə sonra dərc olunacaq.
Azərbaycan parlament 125 deputatdan ibarətdir. **
A.Əzizov