Nazirlər Kabineti mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən dövlət xidmətlərinin qiymətləndirilməsi Qaydasını təsdiq edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Nazirlər Kabinetindən məlumat verilib.
Sözügedən Qayda dövlət xidmətlərinin mikro, kiçik və orta sahibkarlığa necə təsir etdiyini KOB indeksi üzrə qiymətləndirməyi nəzərdə tutur.
Bu Qayda ilə müəyyən edilir ki: dövlət xidmətinin göstərilməsi ilə qarşıya qoyulmuş məqsədlərə nə qədər nail olunub; dövlət xidmətini tənzimləyən normativ hüquqi aktların tətbiqi zamanı hansı müsbət və ya mənfi nəticələr əldə olunub; sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı əsassız maneələrə səbəb olan hallar nədən ibarətdir və s.
Dövlət xidmətlərinin qiymətləndirilməsi zamanı aşağıdakı parametrlər əsas götürülür: dövlət xidmətinin KOB-un inkişafına təsiri; dövlət xidmətinin sadələşdirilməsinin və ya ləğvinin insan həyatına və sağlamlığına, ətraf mühitə, dövlətin iqtisadi maraqlarına təsiri.
Nazirlər Kabinetindən bildiriblər ki, dövlət orqanları (qurumları) tərəfindən mikro, kiçik və orta sahibkarlara göstərilən dövlət xidmətlərinin KOB indeksi üzrə qiymətləndirilməsi mikro, kiçik və orta sahibkarların fəaliyyətinə təsir edən və mövcud olan maneələrin aşkarlanmasına, eləcə də KOB subyektlərinin izafi xərclərdən azad edilməsinə imkan verəcək.*
Ə.Məmmədov