“Azərbaycan Sığortaçılar Assosiasiyası” İB sığorta agentlərinə icbari sığorta növləri üzrə ödənilən komissiya haqqının 15%-dək azalmasına nail olmaq niyyətindədir. Bu barədə “İnterfaks-Azərbaycan”a ASA-dan məlumat verilib.
“Son dövrdə gündəmdə olan məsələlərdən biri də icbari sığorta növləri üzrə komisyon muzdlarının yüksək faizləri mövzusudur. “Azərbaycan Sığortaçılar Assosiasiyası” İB-nin sədri Azər Əliyevin rəhbərliyi ilə Monitorinq işçi qrupunun bu mövzuya həsr edilmiş növbəti iclası keçirilib”, - məlumatda deyilir.
İclasda komisyon muzdlarının mövcud yüksək faizlərinin sığorta bazarına vurduğu ziyan, eləcə də komisyon faizlərinin qanunsuz artımına son qoyulması istiqamətində tədbirlərin həyata keçirilməsi, komisyon muzdlarının 15%-dən yüksək olmamasına dair Mərkəzi Bankın tapşırığı da müzakirə edilib.
Nəticədə? qısa zaman ərzində komisyon faizlərinin 15%-ə qədər azaldılması üçün zəruri tədbirlərin həyata keçirilməsi qərara alınıb.
2018-ci ildə Azərbaycanda sığorta və təkrarsığorta şirkətləri agentlərə komissiya haqqlarının ödənişinə 63,5 mln. manata yaxın vəsait xərcləyib (2017-ci illə müqayisədə artım 19,8%). Bütövlükdə, ötən il sığorta və təkrarsığorta şirkətlərinin xərclərinin 32%-i agentlərə komissiya haqqlarının ödənişinin payına düşüb.
2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycanın sığorta və təkrarsığorta şirkətlərinin işlərin aparılması xərcləri 149 mln. 706.6 min manat təşkil edib., Eyni zamanda, xərclərin 31,7%-i – 47 mln. 429,3 min manatı agentlərə komissiya haqqlarının ödənişinin payına düşüb (2018-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə azalma 6,3%). **
Ə.Məmmədov