Azərbaycan 2019-cu ilin yanvar-noyabr aylarında Türkiyəyə "Şahdəniz" yatağından hasil edilmiş 8 milyard 657,92 milyon kubmetr qaz ixrac edib ki, bu da 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 28,7% çoxdur. Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun məlumatında deyilir.
Noyabr ayında Türkiyəyə qaz ixracının ümumi həcminin 22,11%-i (862,68 milyon kubmetr) Azərbaycan qazının payına düşüb. 2018-ci ilin noyabr ayı ilə müqayisədə tədarükün həcmi 15,69% artıb.
Noyabr ayında Türkiyəyə 3 milyard 900,97 milyon kubmetr (2018-ci ilin noyabr ayı ilə müqayisədə azalma 16,92%) qaz ixrac edilib. 2 milyard 813,4 milyon kubmetr boru kəməri qazının (tədarükün 72,1%-i), 1 milyard 87,57 milyon kubmetr (27,9%) isə LNG-nin payına düşüb. Hesabat dövründə Azərbaycanla yanaşı, İran və Rusiyadan da boru kəməri ilə qaz nəqli həyata keçirilib.
2018-ci ildə Azərbaycan Türkiyəyə 7 milyard 521,15 milyon kubmetr qaz ixrac edib.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), ARDNŞ (16,7%), "LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.*
N.Abbasova