Azərbaycan Mərkəzi Bankı 2020-ci il yanvarın 31-dən uçot dərəcəsinin 7,5%-dən 7,25%-dək azaldılması haqqında qərar qəbul edib. Bu barədə AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov cümə günü mətbuat konfransında məlumat verib.
“Son aylar neftin qiymətinin stabilləşməsi, inflyasiyanın aşağı olması və stabil makroiqtisadi vəziyyət uçot dərəcəsinin 7,5%-dən 7,25%-dək azalmasını şərtləndirib”, - Rüstəmov bildirib.
Eyni zamanda faiz dəhlizinin aşağı həddi 5,75%-dən 5,5%-dək, yuxarı həddi isə 9,25%-dən 9%-dək azaldılıb.
AMB uçot dərəcəsini 13-cü dəfədir azaldır.
Rüstəmov qeyd edib ki, faiz dəhlizinin parametrləri ilə bağlı qərarlar bundan sonra inflyasiyanın faktiki və proqnozlaşdırılan səviyyəsi, həmçinin risk ssenarilərinin reallaşdırılmasından asılı olaraq qəbul ediləcək.
“İnflyasiya riskləri bir qədər azalıb, bu monetar siyasətin normallaşmasını davam etdirməyə imkan yaradır. Eyni zamanda, bir sıra daxili və xarici inflyasiya amilləri və riskləri nəzərə alaraq, pul siyasətinin antiinflyasiya xarakterini saxlamağa üstünlük veririk”, - AMB-nin sədri bildirib.
Mərkəzi Bankın uçot dərəcəsi ilə bağlı məsələnin müzakirə olunacağı növbəti iclası martın 19-da keçiriləcək.**
Ə.Məmmədov