2020-ci ilin yanvar ayında Azərbaycanın strateji valyuta ehtiyatları 2%-dək artıb. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov məlumat verib.
“İlin əvvəlindən Azərbaycanın strateji valyuta ehtiyatları 2%-dək artıb və artıq $52 milyardı keçib", - deyə o, bu gün keçirdiyi mətbuat konfransında bildirib.
E.Rüstəmov əlavə edib ki, cari ilin yanvar ayı ərzində Azərbaycan Dövlət Neft Fondu və AMB-nin valyuta ehtiyatları $1 milyarddan çox artıb.
2019-cu ilin sonuna olan vəziyyətə görə, respublikanın strateji valyuta ehtiyatları $50,9 milyard təşkil edib.
Azərbaycanın strateji valyuta ehtiyatları AMB-nin ehtiyatları, Dövlət Neft Fondunun aktivləri və Maliyyə Nazirliyinin xəzinə vəsaitlərindən formalaşır.
2014-cü il oktyabrın 1-nə Azərbaycanın valyuta ehtiyatları pik səviyyədə - $53,7 milyard məbləğində olub. 2014-cü ilin IV rübündə valyuta ehtiyatlarının azalması prosesi başlayıb. Valyuta ehtiyatlarının milli valyutanın məzənnəsinin dəstəklənməsinə yönəldilməsi ilə əlaqədar azalma prosesi 2015-2016-cı illərdə də davam edib. 2017-ci ildən etibarən valyuta ehtiyatlarının artımı bərpa olunub və bu tendensiya 2018-2019-cu illərdə də qeydə alınıb.*
Ə.Məmmədov