Azərbaycan Mərkəzi Bankı əhalinin bank əmanətlərinin sığortalanmasının yeni modelini hazırlayacaq. Bunu AMB-nin sədri Elman Rüstəmov deyib.
“Hazırda biz əmanətlərin sığortalanmasının yeni modeli üzərində işləyirik. Hesab edirik ki, bu sistem yumşaq formada və mərhələli şəkildə tətbiq olunmalıdır”, - Rüstəmov cümə günü mətbuat konfransında bildirib.
Yeni modelin tətbiqi müddətinə toxunan AMB-nin sədri qeyd edib ki, bu yalnız bank sektorunun tam sağlamlaşdırılmasından sonra mümkündür.
“Biz öncə ölkənin bank sektorunda bütün problemləri tam həll etməliyik, sonra əmanətlərin sığortalanmasının yeni modeli üzərində düşünməliyik. Cari sistem sektorda böhran dövründə tətbiq olunub və depozitlərin axınını dayandırmağa imkan yaradıb. Hazırda banklara etimad bərpa olunur, sektorda vəziyyət isə yaxşılaşır, ancaq bütün problemlər həll olunandan sonra əmanətlərin sığortlanamsı modelinin dəyişilməsi barədə danışmaq olar”, - Rüstəmov əlavə edib.
Öncə Rüstəmov bəyan edib ki, bank sektorunda sağlamlaşdırılmaı prosesini 2020-ci ilin birinci yarısında başa çatdırmaq planlaşdırılır.
Xəbər verildiyi kimi, 2016-cı il martın 4-dən sığorta sistemi əhalinin əmanətlərinin bütün həcminə (əvvəllər məbləği 30 min manata qədər olan əmanətlər sığortalanmış hesab olunurdu) şamil edilir. Yeganə şərt bundan ibarətdir ki, əmanət üzrə faiz Əmanətlərin Sığortalanması Fondunun (ADİF) müəyyən etdiyi limiti keçməməlidir. Bununla əlaqədar əhalinin milli valyutada illik faiz dərəcəsi 10%-dən və xarici valyutada 2,5%-dən yuxarı olan əmanətlərinə sığorta şamil olunmur. Bu qayda 1 mart 2020-ci il tarixinədək qüvvədədir. Bank ekspertləri və rəhbərləri dəfələrlə qeyd ediblər ki, cari vəziyyətdə bu sığorta sistemi tam səmərəli deyil.**
Ə.Məmmədov