2019-cu ildə Azərbaycanda mehmanxana və mehmanxana tipli müəssisələrin gəlirləri 450,2 mln. manat ($264,8 milyon) təşkil edib, bu da 2018-ci ilin göstəricisindən 25,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Gəlirlərin 66%-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 25,8%-i içkilər də daxil olmaqla qida məhsullarının satışı üzrə xidmətlərdən, 2,2%-i müalicə və sağlamlıq xidmətlərindən, 6%-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib”, - Komitədən bildirilir.
Hesabat ilində ölkə üzrə mehmanxanalarda 3 mln. 345,3 min gecələmə keçirilib (artım 11,4%). Gecələmələrin 57,7%-i Bakıda, 9%-i Qəbələdə, 3,7%-i Naftalanda, 7,9%-i Qubada, 2,7%-i Naxçıvan Muxtar Respublikası, 2,8%-i Qusarda, 1,2%-i Lənkəranda, 1%-i Qaxda, 1%-i Mingəçevirdə, 4,4%-i Xaçmazda, 8,6%-i digər rayonlarda mehmanxanalarda qeydə alınıb.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən keçirilmiş gecələmələrin sayı 2 milyon 240,9 min təşkil edib ki (artım 9,3%). Gecələmələrin 11,7%-i Birləşmiş Ərəb Əmirlikləri, 10,9%-i Rusiya Federasiyası, 5,2%-i İran, 5%-i Türkiyə, 5,9%-i Hindistan, 13,8%-i Səudiyyə Ərəbistanı, 3,5%-i Küveyt, 3,1%-i Böyük Britaniya, 2,1%-i Pakistan, 2,1%-i Qətər, 6%-i İsrail, 1,5%-i Qazaxıstan, 1,4%-i İraq, 2%-i ABŞ, 1,1%-i Almaniya, 1,5%-i Çin, 1,1%-i Gürcüstan, qalanı digər ölkələrin vətəndaşlarının payına düşüb.
2019-cu il ərzində mehmanxanaların nömrə fondundan istifadə səviyyəsinin orta göstəricisi ölkə üzrə 2018-ci il ərzində 20,8%-ə qarşı 22,1% təşkil edib. Bu göstərici Bakıda 31,8%, Naftalanda 55%, Qəbələdə 36,6%, Beyləqanda 32,2%, Şabranda 24,2%, Qubada 44,5% səviyyəsində olub.
Mehmanxanaların pik dolma həddi avqust ayına təsadüf edib və 46,4% təşkil edib. **
N.Abbasova