Azərbaycan Mərkəzi Bankı (AMB) Dünya Bankı (DB) ilə birgə 2020-ci ildə ölkənin sığorta sektorunun qiymətləndirilməsini həyata keçirəcək. Bu barədə AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov məlumat verib.
“AMB 2020-ci ildə DB ilə birgə 2020-ci ildə ölkənin sığorta sektorunun qiymətləndirilməsini həyata keçirməyi planlaşdırır. Bizim əsas vəzifəmiz sığorta sektorundakı boşluqları aradan qaldırmaq, eləcə də sektorun gələcək inkişafına nail olmaqdır”, - deyə o, bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Sədrin sözlərinə görə, 2019-cu ildə Azərbaycanın sığorta sektorunun inkişafı, eləcə də bu istiqamətdə istehlakçıların hüquqlarının qorunması istiqamətində müəyyən işlər görülüb. "Nəticədə 2018-ci ilin göstəricisi ilə müqayisədə sığorta sektorunun aktivləri 13%, sığorta ödənişləri 25% artıb", - deyə o əlavə edib.
E.Rüstəmov qeyd edib ki, 2019-cu ilin yekunları üzrə Azərbaycanda korporativ qiymətli kağızlar bazarı 58%, təkrar bazarda dövlət qiymətli kağızları ilə əməliyyatların həcmi 4 dəfə, repo əməliyyatları bazarı isə 83% artıb.
Xəbər verildiyi kimi, 2019-cu il noyabrın sonunda Mərkəzi Banka bank sektoru, sığorta bazarı və kapital bazarları daxil olmaqla Azərbaycanın maliyyə bazarlarını tənzimləmək səlahiyyəti verilib.
Hazırda sığorta bazarında 22 sığorta şirkəti və 1 təkrarsığorta şirkəti fəaliyyət göstərir. 2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycanda sığortaçıların ümumi sığorta haqları 570,52 milyon manat təşkil edib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 7,6% azdır.*
Ə.Məmmədov