Bakı və London Böyük Britaniyanın Aİ-dən çıxması ilə əlaqədar ikitərəfli əməkdaşlıq haqqında sazişi müzakirə edir. Bu barədə Azərbaycan XİN-dən məlumat verilir.
“Yanvarın 31-də Böyük Britaniya Avropa İttifaqının üzvlüyündən çıxması (Brexit) rəsmiləşir və bununla əlaqədar “keçid dövrü” başlayır. Birləşmiş Krallıq “keçid dövrü” ərzində Aİ ilə Azərbaycan arasındakı ikitərəfli sazişlərə tərəf kimi qalacaq. Eyni zamanda, Azərbaycan ilə Birləşmiş Krallıq arasında gələcək ikitərəfli münasibətlərə dair müvafiq sazişin razılaşdırılması istiqamətində iş davam etdirilir», - məlumatda qeyd olunur.
Bildirilir ki, Azərbaycan Birləşmiş Krallıq ilə münasibətlərinin yüksələn xətt üzrə inkişafında maraqlıdır və iki ölkə arasında siyasi dialoq uğurla davam etdirilir.
“Böyük Britaniya Azərbaycanın enerji sahəsində ən mühüm tərəfdaşlarından biridir. Əminik ki, Brexitdən asılı olmayaraq Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlıq əlaqələrinin inkişafı davam edəcək”, - XİN-dən vurğulanır. **
A.Əzizov