2019-cu ilin dekabr ayında yeni növ koronavirus epidemiyasının baş qaldırdığı Çinin Uhan şəhərindən Azərbaycan vətəndaşları təxliyə olunublar. Bu barədə “İnterfaks-Azərbaycan”a Xarici İşlər Nazirliyindən məlumat verilir.
“Türkiyəyə məxsus təyyarə ilə bu günAzərbaycan vətəndaşları Türkiyə vətəndaşları ilə birlikdə Çinin Uhan şəhərindən təxliyə edilib. Uçuşdan öncə təxliyə olan vətəndaşlarımız həkim müayinəsindən keçiblər, onların sağlamlıq durumu qənaətbəxşdir. Təyyarənin bu gün axşam radələrində Türkiyə ərazisinə enməsi gözlənilir", - məlumatda qeyd olunur.
Vətəndaşlarımız 14 gün müddətində Türkiyə ərazisində karantin vəziyyətində saxlanılacaqlar, daha sonra Azərbaycana qayıdacaqlar.
Daha əvvəl Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı bildirmişdi ki, Uhanda 4-ü tələbə olmaqla 7 Azərbaycan vətəndaşı var.
Ötən ilin dekabr ayında Çinin Uhan şəhərində yeni növ virus (coronavirus 2019-nCoV) aşkarlanıb. Dekabr ayından etibarən 11 min 791 min pnevmoniya xəstəliyinə yoluxma halı qeydə alınıb. Çində bu virusdan artıq 259 nəfər dünyasını dəyişib. **
Ə.Məmmədov