Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti Gəncə şəhərində yaşayış kompleksinin tikintisi çərçivəsində podratçılar seçir. Bu barədə MMC-nin elanında deyilir.
Seçim açıq tender üsulu ilə keçirilir.
Tender 5 lot üzrə keçirilir: Lot-1 – 8 və 9 nömrəli 12 mərtəbəli 1 bloklu yaşayış binalarının tikintisi; lot-2 – 13 nömrəli 9 mərtəbəli 2 bloklu, 14 və 15 nömrəli 12 mərtəbəli 1 bloklu yaşayış binalarının tikintisi; lot-3 – 16 nömrəli 9 mərtəbəli 2 bloklu yaşayış binasının, 19 nömrəli 125 yerlik uşaq bağçası və körpələr evinin və 42 nömrəli qeyri-yaşayış binasının tikintisi; lot-4 – 17 və 18 nömrəli 9 mərtəbəli 2 bloklu yaşayış binalarının tikintisi; lot-5 – Sahəxarici və sahədaxili elektrik enerjisi təminatı.
Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, satınalma müqaviləsinin vaxtında yerinə yetirilməsi, podratçının ixtisas göstəricilərinin aidiyyəti işlər üzrə uyğunluğu, analoji işlər üzrə təcrübəsi, texniki, maliyyə və kadr imkanları.
Lot-1-də iştirak haqqı – 600 manat; lot-2 – 900 manat; lot-3 – 600 manat; lot-4 – 600 manat; lot-5 – 600 manat təşkil edir.
İddiaçılar öz tender təkliflərini 16 mart saat 17.00-a qədər təqdim etməlidirlər. Tender təklifi zərfləri 17 mart tarixində saat 15.00-da açılacaq Kompleks Gəncə şəhərində Azərbaycan Bayrağı küçəsindəki 6,23 ha ərazidə inşa olunacaq.
Hazırda MİDA Bakıda sosial mənzil tikintisi üzrə 3 layihənin reallaşdırılması ilə məşğuldur – ikisi Yasamal rayonunda və biri Hövsan qəsəbəsində. Həmçinin “MİDA” Sumqayıt şəhərində çoxmənzilli yaşayış kompleksi inşa edir.**
N.Abbasova