2019-cu ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçılarına 379,423 milyon manat məbləğində subsidiya ödənilib ki, bu da 2018-ci ilin göstəricisindən 10,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
2019-cu ildə fermerlərə ən çox məbləğdə subsidiya -150,858 milyon manat (2018-ci illə müqayisədə artım 47,5% - İF) mineral gübrə və biohumusun alınması ilə əlaqədar ödənilib.
Bundan başqa, keçən il yanacaq-sürtkü materiallarının alınması üçün fermerlərə 60,713 milyon manat (artım 0,3%), pestisidlərin alınması üçün 19,141 milyon manat (artım 3,3 dəfə) subsidiya verilib.
2019-cu ildə pambıq istehsalı ilə məşğul olan 18,714 min fermerə 29,551 milyon manat (artım 28,3%), arıçılara 4,265 milyon manat (artım 37,3%), barama istehsalçılarına 3,156 milyon manat (artım 26,7%), iribuynuzlu mal-qara istehsalı üçün mayalanma ilə məşğul olan fermerlərə 8,254 milyon manat (artım 19,5%) ödənilib.
Bununla yanaşı, 2019-cu ildə kənd təsərrüfatı texnikasını lizinq yolu ilə əldə edən fermerlərin subsidiyalaşdırılma həcmi 31,9% - 59,95 milyon manatadək azalıb.
Ötən il quru və yaş tütün istehsalçılarına 185,5 min manat (azalma 25%), cins heyvanların alınmasına 9,74 milyon manat (azalma 39%), toxum və ting istehsalçılarına 7,425 milyon manat (azalma 4,1%), buğda və çəltik istehsalçılarına 22,527 milyon manat (azalma 3,4%) ödənilib.
Şəkər çuğunduru istehsalçılarına verilən subsidiyaların həcmi 21% - 873,8 min manatadək azalıb.
Subsidiyaların qalan həcmi digər məqsədlər üçün ayrılıb.*
X.Nəsirzadə