“MİDA” MMC Yasamal-2 yaşayış kompleksində çoxmənzilli yaşayış binalarındakı mənzillər üçün kombilərin (24-kW) alınıb quraşdırılması məqsədilə şirkət seçir.
Seçim açıq tender metodu ilə aparılır. Müqavilə 1,196 min ədəd kombinin alınıb quraşdırılmasını nəzərdə tutur. Tələb olunan məhsul sifarişçiyə 12 ay ərzində çatdırılmalıdır. Tenderdə iştirak haqqı 500 manatdır.
Tender təklifləri 5 mart saat 15:00-dək qəbul olunur. Tender proseduru 6 mart saat 15:00-da baş tutacaq.
Yasamal-2 yaşayış kompleksi Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal hissəsi) yerləşən 15,4 ha torpaq sahəsində inşa olunur. 2018-ci il dekabrın 26-da prezident İlham Əliyevin iştirakı ilə yaşayış kompleksinin təməli qoyulub.
Kompleksdə 40 yaşayış binasının inşası nəzərdə tutulub. Onlardan 22-si 9 mərtəbəli, 18-i 12 mərtəbəli olacaq. Bu kompleksdə 160 birotaqlı, 114 studio tipli, 674 ikiotaqlı, 1128 üçotaqlı, 126 dördotaqlı mənzil tikiləcək. Binalar üzrə mənzillərin ümumi sayı 2200-dən çoxdur. Bu mənzillər də tam təmirli, mətbəx mebeli ilə təchiz olunmuş vəziyyətdə vətəndaşlara təklif ediləcək.
Yaşayış binaları ilə yanaşı, ərazidə sosial-məişət obyektləri, uşaq oyun meydançaları, 3 uşaq bağçası, 1200 şagird yerlik tam orta məktəb binasının inşası da nəzərdə tutulur.*
N.Abbasova