2019-cu ildə Azərbaycan iqtisadiyyatına ümumi sərmayələr $13,5 milyard təşkil edib. Bunu prezident İlham Əliyev deyib.
“2019-cu ildə Azərbaycan iqtisadiyyatına sərmayələr $13,5 milyard təşkil edib. Bu gün Azərbaycan yerli və xarici investorlar üçün cəlbedici məkandır”, - Əliyev bazar ertəsi Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda bildirib.
Onun sözlərinə görə, bu sərmayələrin bir hissəsi dövlət investisiyalarıdır. Bu da təbiidir. Çünki hələ ki, iqtisadi artımda dövlət investisiyaları önəmli rol oynayır. Xüsusilə nəzərə alsaq ki, hələ də infrastruktur layihələri ilə bağlı görüləsi işlər var.
Əliyev qeyd edib ki, həyata keçirilən investisiyalar 2019-cu ildə ÜDM-in artım tempini 2,2%-dək sürətləndirməyə imkan yaradıb, həmçinin qeyri-neft sektoru 3,5%, 2,5% səvyyəsində inflyasiya şəraitində əhalinin pul gəlirləri 7,4% artıb, ASK sektorunun artımı 7%-i ötüb.
Prezident əlavə edib ki, 2019-cu il ərzində Azərbaycanın valyuta ehtiyatları $6,4 milyard artıb, bu da rekord göstəricidir. “Həmçinin 2020-ci ildə ehtiyatların artımı müşahidə olunur, yanvar ayı ərzində ehtiyatlar $1 milyard - $52 milyarda qədər artıb. Bütün bunlar bizim düzgün yolda olduğumuzu göstərir. Biz tamamilə müstəqil siyasət yürüdürük və bu cür siyasət yürüdən az sayda ölkələr sırasındayıq”, - o qeyd edib.
Əliyev vurğulayıb ki, son 16 il ərzində Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artıb, “bu, dünyada rekord göstəricidir”, ASK məhsullarının istehsal həcmi 2 dəfə, xarici ticarət dövriyyəsi – 6,4 dəfə, həmçinin ixrac – 7,6 dəfə,valyuta ehtiyatları – 27 dəfə artıb, yoxsulluğun səviyyəsi 50%-dən 4,8%-dək azalıb, 33 elektrik stansiyası tikilib, onların ümumi generasiya gücü 3 min meqavatdan çoxdur.
Prezident qeyd edib ki, 2019-cu ildə iqtisadiyyatda yaxşı nəticələr uğurlu struktur, kadr islahatları hesabına əldə olunub. “Azərbaycanda islahatlar ardıcıl və düşünülmüş xarakter daşıyır. İqtisadi və siyasi islahatlar əhalinin, dövlətin maraqlarına xidmət edir. Bu islahatlar ölkənin sabitliyi və inkişafını təmin edir”, - Əliyev əlavə edib. **
A.Əzizov