2020-ci ildə SOCAR şirkətinə Azərbaycanda qazlaşdırma işlərinin həyata keçirilməsi üçün büdcədən 130 milyon manat ayrılacaq. Bunu prezident İlham Əliyev deyib.
“Hazırda Azərbaycanda qazlaşdırmanın səviyyəsi 96% təşkil edir, bu da dünya miqyasında ən yüksək göstəricilərdən biridir.Lakin, buna baxmayaraq dövlət sərmayələri çərçivəsində dövlət büdcəsindən SOCAR şirkətinə (ARDNŞ) 130 milyon manat vəsaitin ayrılması planlaşdırılır”, - Əliyev bazar ertəsi Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda bildirib.
Onun sözlərinə görə, bu vəsait hesabına indiyədək təbii qazın olmadığı kəndlərin qazlaşdırılması həyata keçiriləcək.
Xəbər verildiyi kimi, 2019-cu ildə regionlarda qazlaşdırma tədbirlərinin davam etdirilməsi üçün dövlət büdcəsindən SOCAR-a 53,5 milyon manat ayrılıb. **
N.Abbasova