2019-cu ildə Qubaya gələn turistlərin sayı 2015-ci ilin göstəricisi ilə müqayisədə 2,8 dəfə artaraq 66 min 870 nəfər olub. Bu barədə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev məlumat verib.
“2015-ci ildə Qubaya 942-si xarici olmaqla, ümumilikdə, 23 min 761 nəfər turist gəlmişdisə, 2019-cu ildə xarici turistlərin sayı 36,4 dəfə artaraq 34 min 328 nəfərə çatıb”, - deyə o, fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı bildirib.
İcra başçısının sözlərinə görə, ötən il Quba Destinasiya Menecmenti Təşkilatının fəaliyyətə başlaması, keçirilən ənənəvi festivallar rayona yerli və əcnəbi turistlərin marağını daha da artırıb. 2019-cu ildə rayona 44,8 milyon manat özəl investisiya qoyulub.
“2019-cu ildə rayonda 4964 yeni iş yeri açılıb ki, onun da 3735-i daimidir. Hazırda Qubada 51 mehmanxana fəaliyyət göstərir, 10-a yaxın yeni turizm obyektinin tikintisi isə davam etdirilir”, - deyə Z.Əliyev vurğulayıb.*
X.Nəsirzadə