Dövlət Turizm Agentliyi yaxın illər ərzində ölkəyə gəlmə turist axınını 5 milyon nəfərə qədər artırmağı planlaşdırır. Bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.
“Yaxın illərdə DTA Azərbaycana turist axınının 3 milyondan 5 milyon nəfərədək artımına nail olmağı planlaşdırır. Həmçinin Azərbaycan 2023-cü ilədək daxili turizmi iki dəfə artırmağı nəzərdə tutur. Bunun üçün infrastrukturu daima yaxşılaşdırırıq”, - Nağıyev Qətərin «The Peninsula» nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Qətər Azərbaycanın turizm sektoru üçün vacib bazardır və DTA bu ölkədən turist axınının artırılması məqsədilə tədbirləri davam etdirəcək (2018-ci ildə Qətərdən Azərbaycana turist axını 12,5 min nəfər təşkil edib).
Nağıyev qeyd edib ki, regionda artan tələbatın qarşılanması məqsədilə aviaşirkətlər Yaxın Şərqdən Azərbaycana birbaşa reyslərin sayını artırıblar.
Azərbaycan turist axınının artımı üçün xaricdə 6 nümayəndəlik açıb, 2020-ci ildə Cənubi Koreya və Ukraynada nümayəndəliklərin açılması planlaşdırılır.
“Bundan sonra da idman turistləri Azərbaycana səfər etməyə sövq edən əsas amil olaraq qalacaq. Bu, Formula-1 yarışları, 2020-ci il futbol üzrə Avropa çempionatına aiddir. Yeni təşəbbüslərin turizm sahəsində Azərbaycanın reytinqini yaxşılaşdıracağı gözlənilir. Proqnozlara əsasən, 10 il ərzində Azərbaycan yüksək turizm potensialı olan aparıcı 20 ölkə sırasına daxil ola bilər”, - DTA sədri bildirib.
2019-cu ildə Azərbaycana turist axını 3,17 milyon nəfər təşkil edib. **
A.Əzizov