Azərbaycan Qətərlə ticarət-iqtisadi, o cümlədən turizm sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Bu sözləri xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.
"Hər iki tərəf iqtisadi tərəfdaşlığın, eləcə də investisiya, ticarət və turizm sahələrində əməkdaşlığın inkişafında maraqlıdır", - deyə M.Məmmədquliyev Qətərin “The Peninsula” nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu günə qədər tərəflər arasında müxtəlif əməkdaşlıq sahələrini əhatə edən 32sənəd imzalanıb. .Hazırda hər iki ölkə ərzaq təhlükəsizliyi, gömrük, turizm və biznes, baytarlıq və viza rejiminin sadələşdirilməsi sahələrində əməkdaşlığı əhatə edəcək yeni saziş layihələri üzərində işləyir", - deyə nazir müavini qeyd edib.
M.Məmmədquliyev əlavə edib ki, turizm əməkdaşlığın prioritet istiqamətlərindən biridir, xüsusilə son 5 ildə Qətərdən Azərbaycana turist axını 40 dəfə artıb. “Hazırda “Qatar Airways” gündə iki dəfə Bakıya birbaşa uçuşlar həyata keçirir. Bu reysə marağın artması ilə əlaqədar gələcəkdə ölkələrimiz arasında birbaşa reyslərin sayının artacağına ümid edirik. Bundan başqa, Azərbaycan-Qətər birgə turizm forumu bu sahədə gələcək əməkdaşlıqda mühüm rol oynaya bilər. Buna görə biz hər iki tərəfə tərəfdaşlıq münasibətlərini gücləndirməyə imkan verən belə tədbirlərin təşkilində maraqlıyıq. Həmçinin viza siyasətinin sadələşdirilməsi üçün danışıqlar aparılır. Bu sahədə atılan addımlar ölkələrimiz arasında turizm sahəsində əməkdaşlığın bundan sonra da inkişaf edəcəyini söyləməyə imkan verir", - deyə o vurğulayıb.
Nazir müavini qarşılıqlı ticarət dövriyyəsinin artırılması üçün ticarət məsələlərində qarşılıqlı fəaliyyətin gücləndirilməsini vacib hesab edir, çünki ticarət dövriyyəsinin həcmi gözləntilərə cavab vermir. “Əməkdaşlığın daha bir potensial istiqaməti investisiya qoyuluşları ilə bağlıdır. Azərbaycan kimi Qətər də xaricə sərmayə yatırır, biz birgə investisiya layihələri üçün meydança tapa bilərik. Buna görə düşünürəm ki, diqqət yönəltməli olduğumuz sahələr çoxdur. Hökumətlərarası iqtisadi komissiyanın iclasları mütəmadi keçirilməlidir", - deyə o əlavə edib.*
A.Əzizov