“Kapital Bank” ASC-nin səhmdarları aprelin 1-də keçiriləcək növbəti yığıncaqda 2019-cu ilin yekunları üzrə dividendlərin ödənilməsi məsələsini müzakirə edəcəklər.
“Aprelin 1-də bankın səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. Yığıncaqda 2019-cu ilin maliyyə ilinin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi məsələsi müzakirə olunacaq”, - deyə bankdan “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Bundan başqa, səhmdarlar “Kapital Bank” ASC-nin 2019-cu ilin yekunlarına dair maliyyə hesabatlarını təsdiq etməyi və digər məsələləri müzakirəyə çıxarmağı planlaşdırırlar.
“Kapital Bank” 2019-cu ili 134 milyon 708 min manat məbləğində xalis mənfəətlə başa vurub.
Bank 2018-ci ilin yekunları üzrə səhmdarlara ümumilikdə 91 milyon 625 min manat məbləğində dividend ödəyib. 2018-ci ilin yekunları üzrə dividendlərin məbləği hər bir səhmə görə 6,01 manat təşkil edib.
“Kapital Bank” Azərbaycanda 140 ildən çoxdur fəaliyyət göstərir və hazırda aparıcı bankların üçlüyünə daxildir. Bankın səhmdarları “PAŞA Holdinq” (99,8755%) və fiziki şəxslərdir (0,1245%). Bankın nizamnamə kapitalı 185,85 milyon manata bərabərdir və hər birinin nominal dəyəri 12,39 manat olan 15 milyon ədəd səhmə bölünüb.*
A.Əzizov