Maliyyə Nazirliyi Dövlət borcunun idarə edilməsinə dair orta və uzunmüddətli Strategiyanın icrasını davam etdirir. Bu barədə maliyyə naziri Samir Şərifov məlumat verib.
“Həyata keçirilən tədbirlər nəticəsində xarici valyutada dövlət borcu mərhələli şəkildə azalır. Bununla yanaşı, daxili qiymət kağızlar bazarının inkişafı üçün dövlət qiymətli kağızlarının həcmi tədricən artır”, - deyə o, nazirliyin kollegiya iclasında bildirib.
Xəbər verildiyi kimi, 2019-cu ilin yekunları üzrə Azərbaycanın xarici borcu ÜDM-nin 17,2%-ni təşkil edib, 2020-ci ildə isə 1 faiz bəndi azala bilər. Cari ildə xarici borca xidmət göstərilməsinə 1,7 milyard manat ($1 milyard) məbləğində vəsaitin yönəldilməsi planlaşdırılır.
Prezident İlham Əliyev 2018-ci il avqustun 24-də “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”nı təsdiq edib. Sənədə əsasən, 2026-cı ilə qədər Azərbaycanın xarici borcu 2017-ci ilin sonuna ÜDM-nin 22,8%-dən ÜDM-nin 12%-dək azalacaq.*
Ə.Məmmədov