Xarici işlər naziri Elmar Məmmədyarov bu gün Bakıda Özbəkistanın xarici işlər naziri Əbdüləziz Kamilov ilə görüşüb.
Görüş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirlərinin Bakıda keçirilən növbədənkənar iclası çərçivəsində baş tutub.
“Görüşdə Azərbaycan və Özbəkistan arasında münasibətlərin vəziyyəti və perspektivləri müzakirə edilib”, - deyə XİN-in məlumatında bildirilir.
Özbəkistan Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, tərəflər ticarət, iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar. “Qeyd olunub ki, keçən il ikitərəfli ticarət dövriyyəsinin kəskin şəkildə artmasına baxmayaraq, tərəflər qarşılıqlı ticarətin daha da inkişaf etdirilməsi üçün böyük potensiala malikdir. Özbəkistan XİN başçısı Azərbaycanın işgüzar dairələrini martın 5-6-da keçiriləcək I Daşkənd İnvestisiya Forumuna dəvət edib”, - deyə məlumatda vurğulanır.
Bundan başqa, görüşdə parlamentlərarası dialoq, regionlararası əlaqələrin aktivləşdirilməsi, nəqliyyat-kommunikasiya, logistika, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə dair təkliflər nəzərdən keçirilib.
“Tərəflər beynəlxalq qurumlar, xüsusilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və MDB çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər”, - deyə məlumatda qeyd olunur.*
A.Əzizov