Xarici İşlər naziri Elmar Məmmədyarov cümə axşamı türkiyəli həmkarı Mövlud Çavuşoğluya Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair Ermənistan XİN başçısı ilə Cenevrədə keçirilən görüş barədə məlumat verib.
Görüş Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası çərçivəsində baş tutub. Bu barədə Azərbaycan XİN-dən məlumat verilir.
“Görüş zamanı Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin hazırki vəziyyəti və bu xüsusda, keçirilmiş Cenevrə görüşü ilə bağlı Çavuşoğluya məlumat verdi”, - XİN-dən qeyd olunur.
Tərəflər Azərbaycan və Türkiyənin təşəbbüsü və iştirakı ilə həyata keçirilən regional layihələrin əhəmiyyətini xüsusilə vurğuladılar.
“XİN başçıları Türk Şurasının əməkdaşlıq gündəliyi, həmçinin, qarşılıqlı maraq doğuran digər regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparıblar”, - nazirlikdən vurğulanır.
29-30 yanvar tarixlərində Azərbaycan və Ermənistan XİN başçıları Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı ikigünlük danışıqlar keçiriblər. **
X.Nəsirzadə