Azərbaycanda indeksləşdirilmə nəticəsində əmək pensiyalarının sığorta hissəsi 16,6%, orta aylıq pensiya 14,5% - 300 manatadək artacaq. Bu barədə “İnterfaks-Azərbaycan”a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
“2020-ci ilin 1 yanvar tarixindən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək 16,6% artırılır. İndeksləşdirilmə pensiyaçıların 93%-i və ya 1,12 mily nəfərə şamil ediləcək”, - nazirlikdən qeyd olunub.
Vurğulanıb ki, artımın həyata keçirilməsi məqsədilə illik təxminən 560 milyon, aylıq 47 milyon manat əlavə vəsaitin xərclənməsi nəzərdə tutulur. Bu vəsait Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri hesabına maliyyələşdiriləcək.
“Bu artımdan sonra orta aylıq pensiya məbləği 262 manatdan 300 manatadək yüksəlir. Fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğləri də yanvarın 1-dən indeksləşdirilməklə 2,6% artırılır”, - nazirlikdən məlumat verilir.
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev cümə axşamı əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalayıb. **
Ə.Məmmədov