Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - müdafiə nazirinin birinci müavini ordu generalı Valeri Gerasimov Azərbaycanla hərbi və hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsi baxımından zəruriliyini qeyd edib.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına əsasən, bu barədə Gerasimov cümə axşamı Bakıda müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov ilə görüş zamanı bəyan edib.
“V.Gerasimov da əlaqələrimizin tarixi köklərə əsaslandığını, ölkələrimizin strateji tərəfdaş olduğunu qeyd edərək hərbi nümayəndələrin qarşılıqlı görüşlərinin təşkili və keçirilməsinin ikitərəfli münasibətlərin, eləcə də hərbi və hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsi baxımından zəruriliyini qeyd edib”, - məlumatda qeyd olunur.
Həmsöhbətlər hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyətini və əlaqələrin inkişaf perspektivlərini müzakirə edib, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
“V.Gerasimov NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali komandanı ilə növbəti ikitərəfli görüşün Bakıda təşkil edilməsi və yüksək qonaqpərvərliyə görə Azərbaycan dövlətinin rəhbərliyinə dərin minnətdarlığını bildirib”, - məlumatda vurğulanır.
N.Sadıkov iki ölkə arasında əlaqələrin qurulmasında dövlət başçılarının böyük rol oynadıqlarını, əməkdaşlığın dostluq münasibətləri və qarşılıqlı inam əsasında aparıldığını, bu əlaqələrin daim inkişaf etdiyini və son illərdə strateji tərəfdaşlıq səviyyəsinədək yüksəldiyini qeyd edib.
“O əlavə edib ki, mayın 9-da Moskvada keçiriləcək Böyük Vətən müharibəsində qələbənin 75 illiyinə həsr olunmuş hərbi paradda Azərbaycan Ordusunun hərbi qulluqçularının iştirakı barədə dövlət səviyyəsində qərar qəbul edilib və bu məqsədlə artıq fəal hazırlıq işləri həyata keçirilir”, - məlumatda deyilir.
Bölgədəki hərbi-siyasi vəziyyətə və təhlükəsizlik məsələsinə toxunan N.Sadıkov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regional sabitliyə əsas təhlükə yaratdığını, onun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə nail olunmasının vacibliyini vurğulayıb. **