Azərbaycan “Stadler Rail AG” şirkətinin istehsal etdiyi qatarların sayını artırmağı planlaşdırır.
Bu məsələ cümə axşamı Bakıda Azərbaycan prezidenti İlham Əliyev və “Stadler Rail AG” şirkətinin Direktorlar Şurasının sədri Peter Şpuler arasında müzakirə olunub. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Görüşdə “Stadler Rail AG” ilə uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olundu. Şrkətin istehsal etdiyi çox müasir, rahat və sürətli qatarların Azərbaycanda istifadəyə verilməsinin ölkəmizin dəmir yolu sistemində böyük dəyişikliklərə səbəb olduğu vurğulandı”, - məlumatda deyilir.
Söhbət zamanı Azərbaycanda dəmir yolu ilə ölkə daxilində səfər edən sərnişinlərin sayının artmasına, yaxın gələcəkdə dəmir yolu vasitəsilə, xüsusilə bu yaxınlarda istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə qonşu ölkələrə, həmçinin Avropa ölkələrinə səfərlərin həyata keçiriləcəyinə əminlik ifadə edilib.
“Bununla əlaqədar Azərbaycanın “Stadler Rail AG” şirkətindən bundan sonra daha çox qatarın alınmasında maraqlı olduğu bildirildi”, - məlumatda vurğulanır. **
N.Abbasova