2019-2020-ci illərdə Azərbaycanda pensiyaçıların sosial vəziyyətinin yaxşılaşdırlmasına dair həyata keçirilən tədbirlər 1 milyard manatdan artıq vəsaitin ayrılmasını tələb edəcək. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
“Ötən il minimum pensiya 72,4% artırılıb, bunun üçün illik 450 milyon manat məbləğində vəsait lazımdır. Bundan əlavə, bu gün Azərbaycan prezidenti İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalayıb. Bu məqsədlərə illik 560 milyon manat məbləğində vəsait lazımdır. Beləliklə, 2019-2020-ci illərdə görülən tədbirlər pensiyaçıların ehtiyaclarına əlavə olaraq 1 milyard manatdan artıq vəsait yönəltməyə imkan verəcək”, - Babayev cümə axşamı mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, sərəncamın nəticəsində əmək pensiyalarının sığorta hissəsi 16,6% indeksləşdiriləcək.
“Nəticədə, Azərbaycanda orta pensiya məbləği 262 manatdan 300 manatadək artacaq”, - nazir vurğulayıb.
O əlavə edib ki, əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi 1,12 milyon pensiyaçını əhatə edəcək.
Babayev vurğulayıb ki, əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.
Prezident İlham Əliyev fevalın 6-da əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalayıb. Sərəncam çərçivəsində əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi orta aylıq nominal əməkhaqqının illik artım tempinə, fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsi isə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq həyata keçiriləcək.
2019-cu ildə Azərbaycanda orta illik inflyasiya 2,6% təşkil edib.
2019-cu ildə Azərbaycanda nominal əmək haqqının artımı 16,6% təşkil edib. **
X.Nəsirzadə