Azərbaycan Dünya İqtisadi Forumunun Regional Mərkəzinin fəaliyyət göstərəcəyi 6-cı ölkə olacaq. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov deyib.
“Dünya İqtisadi Forumunun Regional Mərkəzləri çox az sayda ölkələrdə yaradılıb. İsrail, Cənubi Afrika Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, Kolumbiya və Səudiyyə Ərəbistanından sonra Azərbaycan Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Regional Mərkəzinin yaradıldığı 6-cı ölkə olacaq. Bu, Azərbaycanın Dördüncü Sənaye İnqilabına fəal hazırlığını nümayiş etdirir”, - Əmirov “AzərTAc”a müsahibəsində bildirib.
Onun sözlərinə görə, son illər Azərbaycanda innovasiya texnologiyaları fəal təbiq olunur, insan kapitalının inkişafı üzrə böyük işlər görülür, bu beynəlxalq strukturlar tərəfindən də qeyd edilir.
“BMT Asiya və Sakit Okean ölkələri üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) rəqəmsal və davamlı ticarətin asanlaşdırılması ilə bağlı üçüncü qlobal tədqiqatında Azərbaycan 81,72% göstərici ilə Cənubi və Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya regionlarında ilk pillədə yer alıb. Azərbaycan 4 il ərzində bu tədqiqatda öz göstəricisini iki dəfə yaxşılaşdırıb”, - Əmirov qeyd edib.
Prezidentin köməkçisi bildirib ki, Dünya İqtisadi Forumunun Bakıda yaradılacaq Dördüncü Sənaye İnqilabı Mərkəzi, “yeni texnoloji məhsulların implementasiyası, inkişaf etməkdə olan texnologiyalarla əlaqəli problemlərin həlli və sektorlararası əməkdaşlığın sürətləndirməsi üçün tərəfdaşlıq platforması olacaq”.
Xəbər verildiyi kimi, yanvarda Azərbaycan prezidenti İlham Əliyev Davosa səfəri çərçivəsində Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşüb. Görüş çərçivəsində tərəflər Dünya İqtisadi Forumunun Azərbaycanda afilə edilmiş regional mərkəzinin yaradılması ilə bağlı niyyət protokolu imzaladılar. **
Ə.Məmmədov