31 dekabr 2019-cu il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri 32 milyard 722,8 milyon manat təşkil edir. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) məlumatında deyilir.
Xəbər verildiyi kimi, 1 yanvar 2019-cu il tarixinə bankların aktivləri 29 milyard 502,4 milyon manat məbləğində olub. Beləliklə, 2019-cu ildə bankların aktivləri 10,9% artıb.
Hesabat dövrünün sonuna bankların kredit portfeli 14 milyard 900,9 milyon manat (2019-cu ildə artım 18% - İF) təşkil edir.
2019-cu il dekabr ayının 31-nə Azərbaycanda bankların ümumi kapitallaşması 4 milyard 583 milyon manat (artım 12,6%) təşkil edir.
2020-ci ilin əvvəlinə bankların öhdəlikləri 28 milyard 139,8 milyon manata (artım 10,7%) bərabərdir.
2019-cu ildə Azərbaycanda bankların ümumi xalis mənfəəti 536,9 milyon manat təşkil edib ki, bu da 2018-ci ilin göstərici ilə müqayisədə 92,2% çoxdur.
2019-cu ildə bankların faiz gəlirləri 1 milyard 922,2 milyon manat (2018-ci illə müqayisədə artım 9,7% - İF), o cümlədən verilmiş kreditlər üzrə 1 milyard 421,6 milyon manat (artım 16,1%) təşkil edib.
Hesabat dövründə bankların qeyri-faiz gəlirləri 723,7 milyon manat (artım 31,8%) məbləğində olub.
2019-cu ildə bankların faiz xərcləri 547,9 milyon manat (azalma 5,8%), o cümlədən depozitlər üzrə 372,4 milyon manat (azalma 1,4%), qeyri-faiz xərcləri 1 milyard 205 milyon manat (artım 17,5%) təşkil edib.
2019-cu ilin yekunları üzrə bank sektorunun əməliyyat mənfəəti 849 milyon manat (artım 22,2%) təşkil edib. Hesabat dövründə banklar ehtiyatların yaradılmasına 177,3 milyon manat (2018-ci ildə 345,4 milyon manat) yönəldib.
Nəticədə 31 dekabr 2019-cu il tarixinə bankların vergi ödənilənədək ümumi mənfəəti 693 milyon manat (2018-ci ilin göstəricisi ilə müqayisədə artım 97%) məbləğində qiymətləndirilir, 2019-cu ildə mənfəət vergisi üzrə ödənişləri 156,1 milyon manat (artım 2,2 dəfə) təşkil edib.
31 dekabr 2019-cu il tarixinə respublikada 30 bank fəaliyyət göstərir. Bu bankların 14-ü xarici kapitallıdır.
2019-cu ilin sonuna bankların 509 filialı və 133 şöbəsi var.
Azərbaycanın bank sektorunda 19,46 min nəfər (2018-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 11,7%) çalışır.**
Ə.Məmmədov