Ölkə ərazisində hava şəraitinin pisləşməsi proqnozu ilə əlaqədar SOCAR 1000 nəfərə yaxın neftçini təxliyə edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
“Fevralın 8-də axşam saatlarından etibarən ölkə ərazisində hava şəraitinin kəskinləşəcəyi gözlənilir. Bununla əlaqədar SOCAR bütün təhlükəsizlik tədbirlərini maksimum dərəcədə gücləndirib və işçi heyətinin təxliyəsinə başlayıb. Artıq 1000-ə yaxın neftçi sahilə təxliyə edilib”, - deyə məlumatda bildirilir.
Bundan başqa, dəniz platformaları və estakadalarda açıq sahələrdə aparılan işlər dayandırılıb.
Dəniz platformaları ətrafında FHN-in gəmiləri də daxil olmaqla, mütəmadi növbətçilik həyata keçirilir. Hava şəraiti normallaşdıqdan sonra neftçilərin iş yerlərinə qaytarılması təmin ediləcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departametindən verilən məlumata görə, fevralın 7-dən 8-nə keçən gecədən başlayaraq havanın kəskin dəyişəcəyi, Bakıda və Abşeron yarımadasında əsən cənub küləyinin güclü şimal küləyi ilə əvəz olunacağı gözlənilir.
Fevralın 9-dan 10-u gündüzədək küləyin maksimal sürəti 30-35 m/s, bəzi ərazilərdə 38-40 m/s-dək şiddətlənəcək.
Department bu müddətdə əhaliyə daha diqqətli olmağı, iri ağacların altında maşınları saxlamamağı, tikinti aparılan ərazilərdən kənar keçməyi, yaşlı insanları və uşaqları küçədə nəzarətsiz buraxmamağı tövsiyə edir.
Fevralın 8-də Bakıda və Abşeronda gözlənilən yağıntının fevralın 9-da sulu qara və qara keçəcəyi gözlənilir, bəzi yerlərdə intensiv yağacağı ehtimalı var.*
N.Abbasova