Azərbaycanda ən yaşlı seçici 126 yaşlı Səmərqənd Allahverdiyevadır. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
“Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində səsvermə hüququ olan ən yaşlı seçici Bərdə sakini, 1894-cü il təvəllüdlü Səmərqənd Allahverdiyevadır”, - deyə o, bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Sədrin sözlərinə görə, ən yaşlı kişi seçici Laçın rayonundan olan məcburi köçkün, 108 yaşlı Şahverdi Əhmədovdur.
Prezident İlham Əliyev dekabrın 5-də beşinci çağırış Milli Məclisinin buraxılması və fevralın 9-na növbədənkənar parlament seçkilərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Seçkilərdə rekord sayda - 1314 namizəd iştirak edəcək.
Azərbaycan parlamentində 125 deputat təmsil olunur.*
X.Nəsirzadə