Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri ilə əlaqədar bu gün saat 8.00-da 125 dairə üzrə 5573 seçki məntəqəsi açılıb. Bu barədə bu gün Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov məlumat verib.
Parlamentdə 125 yer uğrunda 1 314 namizəd mübarizə aparacaq.
Respublikada 5 milyon 329,461 min seçici səsvermə hüququna malikdir.
Yerli müşahidəçilərin sayı 77,79 min, beynəlxalq müşahidəçilərin sayı 883 nəfərdir.
Seçkilərdə şəffaflığın təmin edilməsi üçün 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılacaq.
Seçkilərdə “exit-poll” 3 təşkilat tərəfindən keçiriləcək.
Seçki məntəqələri saat 19:00-da bağlanacaq.
Seçkilər səs verənlərin sayından asılı olmayaraq baş tutmuş hesab olunacaq. Parlament seçkiləri majoritar sistem üzrə keçirilir. 20-dən artıq siyasi partiya parlament seçkilərində iştirak etmək üçün namizədlərini irəli sürüb. Ən çox namizəd (122) hakim Yeni Azərbaycan Partiyasını təmsil edir.
Azərbaycanda növbədənkənar parlament seçkiləri ölkə tarixində ilk dəfədir keçirilir. Növbəti parlament seçkiləri 2020-ci ilin oktyabr ayında keçirilməli idi. Lakin 2019-cu ilin dekabr ayında hakim partiya parlamentdə qanunverici orqanın buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı məsələnin müzakirəyə çıxarılması təşəbbüsünü irəli sürüb. Nəticədə Milli Məclisin dekabrın 2-də keçirilən iclasında parlamentin buraxılması ilə bağlı prezidentə müraciət qəbul edilib.
Konstitusiya Məhkəməsinin Plenumu dekabrın 4-də qanunverici orqanın buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi ilə bağlı ölkə prezidentinə müraciətin qəbul edilməsinə dair parlamentin qərarını Konstitusiyaya uyğun hesab edib.
Prezident İlham Əliyev dekabrın 5-də beşinci çağırış Milli Məclisinin buraxılması və fevralın 9-na növbədənkənar parlament seçkilərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.*
X.Nəsirzadə