Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (BYİB) yeni səhmlərinin alınması xərcləri yüksək olmayacaq. Bunu maliyyə naziri Samir Şərifov deyib.
“Adətən BYİB-in səhmlərinə abunə yazılışı iki üsulla həyata keçirilir – bir hissə, təxminən 10% nağd şəkildə ödənilir, qalan hissə üzrə isə veksellər əldə olunur. Lazım gəldikdə, bank veksellər üzrə ödəniş tələb edə bilər. Buna görə BYİB-in səhmlərinin alış dəyəri az olacaq", - deyə S.Şərifov "İnterfaks-Azərbaycan" agentliyinə bildirib.
Xəbər verildiyi kimi, prezident İlham Əliyev ölkənin Dünya Bankı (DB) Qrupuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının kapitalının artırılmasında iştirakına dair sərəncam imzalayıb. Maliyyə naziri Samir Şərifov və ədliyyə naziri Fikrət Məmmədova BYİB-in əlavə 505 ədəd səhminin satın alınması ilə bağlı səlahiyyətlər verilib. Əlavə səhmlərin alınması ümumi səs paritetində Azərbaycanın 0,13 faizlik səsvermə hüququnun qorunub saxlanılmasını təmin edəcək.
Hazırda Azərbaycan BYİB-in 2,371 min ədəd səhminin sahibidir. Beləliklə, səhmlərin sayı 2,876 minə qədər artacaq.
BYİB Dünya Bankı Qrupuna daxildir. Azərbaycan 1992-ci ildən etibarən DB-nin üzvüdür. İndiyədək bank tərəfindən Azərbaycana 54 layihənin reallaşdırılması üçün ümumilikdə $3,4 milyard məbləğində kredit ayrılıb.*
Ə.Məmmədov