Azərbaycan Beynəlxalq Bankı səhmdarlarına dividendlərin ödənişinə başlayıb. Bunu maliyyə naziri Samir Şərifov deyib.
“Bank ötən ili yaxşı göstəricilərlə başa vurub. Vergilərin ödənilməsindən sonra yaxşı mənfəət əldə qalıb. Bu məbləğ səhmdarların dividendlərinin ödənişi, xüsusulə hökumət qarşısında öhdəliklərin ödənilməsinə yönəldiləcək”, - Şərifov bazar günü jurnalistlərə bildirib.
Şərifov vurğulayıb ki, həmçinin bank fizki şəxs olan səhmdarlara dividendlərin ödənilməsinə başlayıb.
Nazir məlumat verib ki, bankın bazar dəyəri artır. “Bildiyiniz kimi, bir neçə il əvvəl ABB-nin səhmlərinin dəyəri mühüm dərəcədə azalıb. Hazırda bankın səhmlərinin qiymətində artım müşahidə edirik. Bütövlükdə, bank çox yaxşı göstəricilərə malikdir. Demək olar ki, öz bines strategiyalarını tapıblar, bu isə bankın özəlləşdirilməsi ilə bağlı gələcəkdə qərarların qəbulu üçün yaxşı təməldir”, - Şərifov əlavə edib.
Xəbər verildiyi kimi, 2019-cu ilin yekunları üzrə ABB-nin xalis mənfəəti 302 milyon 316,02 min manat təşkil edib.
ABB 1992-ci ildə yaradılıb və Azərbaycanın ən iri bankıdır. Bankın əsas səhmdarı Maliyyə Nazirliyidir. Bankın kapitalında Maliyyə Nazirliyinin payı 91,4% təşkil edir. Ümumilikdə, bankın kapitalında dövlətin payı 95,27% təşkil edir. ** Ə.Məmmədov