“SOCAR AQŞ” və Amerikanın “Halliburton” şirkəti Azərbaycanda neft sənayesi üçün material və xidmətlərin təchizi üzrə geniş əməkdaşlığa dair razılığa gəliblər. Bu barədə “SOCAR AQŞ”nin məlumatında deyilir.
“Bu gün “SOCAR AQŞ” və “Halliburton” şirkəti Azərbaycanda neft sənayesi üçün çoxsaylı material və xidmətlərin təchizi üzrə fəaliyyət göstərəcək birgə müəssisənin yaradılmasına dair Anlaşma Memorandumu imzalayıblar. Birgə müəssisə Bakı şəhərində yerləşəcək. Müəssisə Azərbaycanda həm quruda, həm də dənizdə fəaliyyət göstərəcək. “SOCAR AQŞ” və “Halliburton” şirkətləri birgə müəssisənin fəaliyyətə başlamasını 2020-ci ilin ikinci rübündə, razılaşmanın müəyyən olunmuş müddəalarının icrasından sonra həyata keçirməyi planlaşdırır”, - deyə məlumatda bildirilir.
“Şirkətimizin dünya səviyyəli səriştəsini, zəngin təcübəsini və müasir infrastrukturunu neft sənayesi üzrə material və xidmətlərin təchizi sahəsində qlobal lider hesab olunan “Halliburton” şirkətinin tam potensialı ilə birləşdirərək Azərbaycanda birgə əməkdaşlıq etmək və fəaliyyətimizi genişləndirmək üçün strateji platformanın əsasını qoyduq”, - deyə “SOCAR AQŞ”nin baş direktoru Ramin İsayev bildirib.
“Biz inanırıq ki, “SOCAR AQŞ” ilə yeni yaradacağımız birgə müəssisəmiz neft sənayesi üçün material və xidmətlərin təchizi üzrə regionun artan tələbatını dünya səviyyəli xidmətlər göstərməklə təmin edə biləcək”, - deyə “Halliburton” şirkətinin Avropa, Avrasiya və Afrika regionu üzrə baş vitse-prezidenti Ahmed Kenavi qeyd edib.
“SOCAR-AQŞ” MMC SOCAR və “Absheron Drilling Company” tərəfindən qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi 2007-ci ildə təsis edilib. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılmasıdır. Bundan başqa, şirkət təchizat sistemlərinin, anbar təsərrüfatının və digər əlaqəli xidmətlərin idarə olunması sahəsində də zəngin təcrübəyə malikdir.
Hazırda “SOCAR AQŞ” Xəzərdə 4 neft və qaz yatağında mövcud olan 5 platformada 6 qazma qurğusu vasitəsilə qazma işlərini aparır.
Müəssisə, həmçinin Türkiyədə “Duz Gölü yeraltı qaz anbarının genişləndirilməsi” layihəsi çərçivəsində qazma işlərini uğurla icra etməkdədir. “SOCAR AQŞ” Ukrayna və Banqladeşdə fəaliyyət coğrafiyasını genişləndirməklə müvafiq müqavilələr üzrə nəzərdə tutulan işlərin icrasını uğurla həyata keçirib.
“SOCAR AQŞ” regionda API Spec Q2- Keyfiyyət İdarəetmə Sisteminin standartının tələblərinə uyğun sertifikatı ilə təltif olunmuş ilk və yeganə qazma müəssisəsidir.
Şirkətdə 1200 əməkdaş çalışır. Müəssisə “NEQSOL Holding”in tərkibinə daxildir, səhmdarları SOCAR və “Nobel Oil Services” şirkətləridir.
1919-cu ildə qurulan “Halliburton” şirkəti dünyanın ən böyük neft sənayesi materiallarının və xidmətlərinin tədarükçülərindən biridir. Şirkətin 55 min işçisi var.*
N.Abbasova