“Buta Airways” aviaşirkətinin uçuş zamanı sərnişinin halının pisləşməsi ilə əlaqədar Volqoqradda məcburi eniş etmiş təyyarəsi Moskvaya uçub. Bu barədə “İnterfaks”a Volqoqrad aeroportunun İctimaiyyətlə əlaqələr üzrə aparıcı mütəxəssisi Anastasiya Qolodova məlumat verib.
“Sərnişinlərdən birinin halının pisləşməsi səbəbindən “Buta Airways” aviaşirkətinin Gəncə-Moskva reysini yerinə yetirən təyyarəsi saat 13.39-da Volqoqradda məcburi eniş edib. Saat 15:14-də təyyarə göyərtədəki 104 sərnişinlə təyinat yerinə uçub”, - deyə məlumatda bildirilir.
Xəbər verildiyi kimi, sərnişinlərdən birinin halının pisləşməsi səbəbindən J2 9817 nömrəli aviareysi yerinə yetirən kapitan hava gəmisini Volqoqrad beynəlxalq hava limanına endirib.*