Rusiya prezidenti Vladimir Putin Yeni Azərbaycan Partiyasının fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində qələbə qazanması münasibətilə prezident İlham Əliyevi təbrik edib.
“Hörmətli İlham Heydər oğlu. Yeni Azərbaycan Partiyasının növbədənkənar parlament seçkilərində qələbə qazanması münasibətilə səmimi təbriklərimi qəbul edin. Xalq səsverməsinin yekunları Sizin başçılıq etdiyiniz partiyanın Azərbaycan vətəndaşları arasında nüfuzunun yüksək olduğunu əyani təsdiq etdi. Ümidvaram ki, dövlətlərimiz arasında strateji tərəfdaşlıq münasibətləri bundan sonra da möhkəmlənəcək”, - deyə Azərbaycan prezidentinin saytında dərc olunmuş təbrikdə bildirilir.
MSK-nın ilkin məlumatına görə, Yeni Azərbaycan Partiyası yeni parlamentdə 125 yerdən 74-də təmsil olunur.*
X.Nəsirzadə