Azərbaycanda bank sektorunun yeni texnologiyalar və alətlərin tətbiqi üçün dəstəyə ehtiyacı var. Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev belə hesab edir.
“Ölkənin bank sektoruna yeni layihələrin reallaşdırılması və yeni texnologiyaların tətbiqi üçün dövlət və beynəlxalq təşkilatlar tərəfindən müəyyən dəstək lazımdır”, - Nuriyev “İnterfaks-Azərbaycan”a bildirib.
Onun sözlərinə görə, banklar tərəfindən yeni texnologiyalarının tətbiqi zəruridir, bunun üçün nəinki banklar, həm də bazarın bütün iştirakçıları arasında fəal əməkdaşlıq lazımdır.
Nuriyev qeyd edib ki, Azərbaycan banklar müxtəlif istiqamətlərdə Visa ilə fəal əməkdaşlıq edirlər.
“Bu gün Visa nümayəndələri ilə görüş keçiriləcək. Görüşdə Milli Kart sisteminin mövcud alətlərinin təkmilləşdirilməsi, o cümlədən, yeni texnologiyaların alınması və onların ölkənin banklarına təqdim olunması məsələləri müzakirə olunacaq. Bu işlərin bir hissəsi bankların daxili sisteminin təkmilləşdirilməsini tələb edir, digər hissəsi isə prosessinq mərkəzləri ilə fəal əməkdaşlıqdan asılıdır”, - Nuriyev qeyd edib.
ABA sədri vurğulayıb ki, banklar prosessinq mərkəzlərinin sürətli inkişafında maraqlıdır.
“Biz istərdik ki, prosessinq mərkəzləri xidmətlərinin dəyərini azaltsınlar ki, biz də öz növbəmizdə daha aşağı qiymətlə onları müştərilərə təklif edə bilək. Bu, müştəriləri yeni texnologiyalara maraq oyatmağa imkan verər. Biz daha çox sayda bankların bu prosesə qoşulmasını arzu edirik”, - Nuriyev bildirib. **
Ə.Məmmədov