Yanvar ayında Azərbaycanın beynəlxalq aeroportlarının sərnişin axını 395 min nəfər təşkil edib, bu da ötən ilin analoji dövrünün göstəricisindən 14% çoxdur. Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) məlumatında deyilir.
“Qeyd olunan saydan 336 min sərnişinə Heydər Əliyev Beynəlxalq Aeroportu (2019-cu ilin yanvar ayı ilə müqayisədə artım 13,5%), 45 min sərnişinə - Naxçıvanın hava limanı, 12 min sərnişinə - Gəncə şəhərinin hava limanı xidmət göstərib”, - məlumatda qeyd olunur.
AZAL-ın məlumatına əsasən, yanvarda şirkət 135 min sərnişin, “Buta Airways” aşağıbüdcəli aviaşirkəti - 51 min sərnişin daşıyıb.
“Yanvarda Bakı aeroportunda beynəlxalq uçuşlarda sərnişin axını 293 min nəfər təşkil edib. Sərnişin aviadaşımaları üzrə aviaşirkətlərin onluğuna milli aviaşirkətlər ilə yanaşı “ Turkish Airlines” (35 min sərnişin), “FlyDubai” (16 min), “AirArabia” (13 min), “Aeroflot” (12 min), “Qatar Airways” (7,7 min), “UIA” (7,3 min), “SCAT” (5 min), “Lufthansa” (3,9 min) və “Belavia” (3,7 min) daxil olub.
2020-ci ilin yanvar ayında Heydər Əliyev Beynəlxalq Aeroportundan 32 sərnişin aviaşirkəti 50-dən çox müxtəlif istiqamətə uçuşlar həyata keçirib.
Gəncə və Naxçıvan hava limanlarından Moskvaya və İstanbula birbaşa uçuşlar həyata keçirilir.
Həmçinin milli aviadaşıyıcı AZAL qış cədvəli çərçivəsində Lənkərandan Moskvaya və geri istiqamətə müntəzəm birbaşa aviareyslər həyata keçirir.
Hazırda Azərbaycanın müxtəlif bölgələrində 6 beynəlxalq hava limanı fəaliyyət göstərir.
2019-cu il ərzində Azərbaycanın beynəlxalq aeroportları ümumlikdə 5,56 milyon sərnişinə xidmət göstərib. **
N.Abbasova