Bu ilin iyun ayında Azərbaycanda keçiriləcək futbol üzrə Avropa çempionatı ilə əlaqədar Bakıya 200 min nəfərə yaxın xarici turistin gələcəyi gözlənilir. Bu sözləri AFFA-nın baş katibi və icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.
"İyunda Bakıya 200 minə yaxın futbol azarkeşi gələcək. Bildiyiniz kimi, Türkiyə, İsveçrə və Uels komandaları Bakıda oynayacaqlar. Onlar burada ən azı 10 gün qalacaqlar”, - deyə o, bu gün “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin təşəbbüsü ilə keçirilən “İdman və şəhər” adlı konfransda bildirib.
Baş katibin sözlərinə görə, bu, turist axınına müsbət təsir göstərə bilər.
Avropa çempionatı 12 iyun - 12 iyul 2020-ci il tarixlərində Avropanın 12 şəhərində keçiriləcək. A qrupunun (İtaliya, İsveçrə, Türkiyə, Uels) oyunları Romada və Bakıda baş tutacaq. Bakıda qrup mərhələsinin üç oyunu (Uels - İsveçrə, Türkiyə - Uels, İsveçrə - Türkiyə) və dörddə bir final (4 iyul) keçiriləcək.*
X.Nəsirzadə