Hakim Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçiləri ilkin qiymətləndirmələrə görə, VI çağırış Milli Məclisdə 125 yerdən 72-ni qazanıb. Bu barədə baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov məlumat verib.
“İlkin nəticələrə görə, partiyamızın namizədləri 72 dairədə səs çoxluğu qazanıb. Bu, 2015-ci ildə keçirilən seçkilərdə partiyanın qazandığı deputat yerlərindən çoxdur”, - deyə o, "Facebook" səhifəsində yazıb.
İcra katibi qeyd edib ki, Milli Məclisdə Yeni Azərbaycan Partiyasını təmsil etmək hüququnu qazananların 13-ü qadındır. 24 nəfər ilk dəfə parlament seçkilərində iştirak edib.
Ə.Əhmədov hesab edir ki, Milli Məclisə növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyasının inamlı qələbəsi prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən islahatlar siyasətini insanların yüksək qiymətləndirdiyini göstərir.*
A.Əzizov