Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) müxalifət partiyalarının fevralın 16-da paytaxtın mərkəzində mitinq keçirməsinə icazə verməyib.
“Müsavat, REAL partiyaları, D18 hərəkatı və digər müstəqil namizədlər fevralın 16-da mitinqin keçirilməsi üçün icazə almaq məqsədilə BŞİH-ə müraciət edib. Müraciətə baxılıb və mitinqin keçirilməsinə razılıq verilməyib”, - deyə BŞİH-dən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Müxalifət partiyaları fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkilərinin nəticələrinə etiraz olaraq mitinq keçirməyi planlaşdırırdı.
Seçkilərdə seçici fəallığı 47,81% təşkil edib.
Seçkilərin ilkin nəticələrinə görə, yeni parlamentdə 125 yerdən 72-ni hakim Yeni Azərbaycan Partiyası, 41 yeri müstəqil namizədlər, qalan yerləri isə digər partiyaların təmsilçiləri qazanıb. Müsavat Partiyasını təmsil edən namizədlərin heç biri parlamentə daxil olmayıb, REAL isə 1 namizədlə təmsil olunacaq.*
A.Əzizov